Xəbərlər
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ Rayon Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ETİHİ Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov, YAP Qaradağ Rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov, eləcə də rayonun müxtəlif təhsil müəssisələrində çalışan müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ETİHİ Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov müəllimləri peşə bayramı münasibətilə təbrik edib. O, müəllim əməyinin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Sədr qeyd edib ki, müəllim yalnız bilik və bacarıq aşılayan deyil, eyni zamanda gələcəyin şəxsiyyətlərini yetişdirən, milli-mənəvi dəyərləri yaşadan və cəmiyyətin tərəqqisinə töhfə verən ziyalıdır.
Daha sonra YAP Qaradağ Rayon təşkilatının sədri İlqar İlyasov və Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Abbas Hüseynov çıxış edərək müəllimləri əlamətdar gün münasibətilə təbrik ediblər. Çıxışlarda müəllimlərin savadlı, vətənpərvər və layiqli vətəndaşların yetişdirilməsində mühüm rolu vurğulanıb, təhsil işçilərinə möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyət göstərən müəllimlər Fəxri Fərmanlarla təltif olunub, onlara qiymətli hədiyyələr təqdim edilib.
Bütün müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!
Müəllimləri təbrik davam edir!

Müəllimləri təbrik davam edir!
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Qaradağ Rayon Komitəsi tərəfindən ucqar yaşayış məntəqələrində yerləşən məktəblərə təbrik səfərləri davam etdirilir.
Səfər çərçivəsində keçirilən görüşdə ETİHİ Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların təhsil sahəsindəki fədakar əməyindən söz açıb və fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda müəllimlərə Fəxri fərman və hədiyyələr təqdim olunub.
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi olaraq 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ucqar ərazilərdə yerləşən məktəblərdə çalışan müəllimlərlə görüş keçirdik.
Görüşdə çıxış edən ETİHİ Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, onların cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Sədr ucqar ərazilərdə bütün çətinliklərə baxmayaraq öz peşə fəaliyyətini böyük məsuliyyət və fədakarlıqla davam etdirən müəllimlərə təşəkkürünü bildirib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda müəllimlərin əməyinin qiymətləndirilməsi məqsədilə Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Əziz müəllimlər, peşə bayramınız mübarək!
27 Sentyabr – Anım Günü tədbiri keçirilib.

27 Sentyabr – Anım Günü tədbiri keçirilib.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və veteranların iştirakı ilə ehsan süfrəsi təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək 27 Sentyabr – Anım Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs edib. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın milli yaddaşında mühüm yer tutduğunu qeyd edib. Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan Ordusunun qəhrəmanlığının və şəhidlərimizin fədakarlığının Zəfərin əldə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva çıxış edərək Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov çıxışında şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətlərindən söz açıb, onların qəhrəmanlığının və Vətən sevgisinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Qərbi Azərbaycan İcmasının sədr müavini İbad Mehdiyev çıxış edərək Vətən müharibəsində əldə olunan tarixi Zəfərin xalqımızın milli iradəsinin və birliyinin təntənəsi olduğunu bildirib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Qaradağ müəllimləri Qubanın füsunkar təbiətini kəşf ediblər

Qaradağ müəllimləri Qubanın füsunkar təbiətini kəşf ediblər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 41 nömrəli tam orta məktəbin müəllimləri Quba rayonuna təşkil olunan istirahət-səfərində iştirak ediblər.
Səfər iştirakçıların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb. Müəllimlər Qubanın təbii gözəllikləri və tarixi məkanları ilə yaxından tanış olaraq xoş və yaddaqalan anlar yaşayıblar.
233 nömrəli məktəbin kollektivi İsmayıllıya səfər edib

233 nömrəli məktəbin kollektivi İsmayıllıya səfər edib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 233 nömrəli tam orta məktəbin pedaqoji kollektivi İsmayıllı rayonuna istirahət-gəzinti səfərində iştirak edib.
Səfərin əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin daha da möhkəmləndirilməsi olub. İştirakçılar İsmayıllının füsunkar təbiəti və görməli məkanları ilə tanış olaraq xoş və yaddaqalan təəssüratlarla geri dönüblər.
320 nömrəli məktəbin kollektivi Şamaxıda yaddaqalan gün keçirib

320 nömrəli məktəbin kollektivi Şamaxıda yaddaqalan gün keçirib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 320 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Şamaxı rayonuna istirahət-gəzinti səfərində iştirak edib.
Səfər çərçivəsində iştirakçılar Şamaxının tarixi və təbii gözəllikləri ilə yaxından tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyə ilə keçiriblər. Belə səfərlər təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, kollektiv ruhunun gücləndirilməsinə və əmək motivasiyasının artırılmasına xidmət edir.
273 nömrəli məktəbin kollektivi Qəbələyə yollanıb

273 nömrəli məktəbin kollektivi Qəbələyə yollanıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 273 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Qəbələ rayonuna istirahət-gəzinti səfərində iştirak edib.
Səfər zamanı müəllimlər Qəbələnin zəngin təbiəti və görməli məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli və maraqlı şəkildə keçiriblər. Bu cür tədbirlər təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, kollektivdə əməkdaşlıq ruhunun möhkəmlənməsinə və iş motivasiyasının artırılmasına töhfə verir.
166 nömrəli məktəbin kollektivi Qubaya səfər edib

166 nömrəli məktəbin kollektivi Qubaya səfər edib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi və Qaradağ rayon komitəsinin təşkilatçılığı ilə 166 nömrəli tam orta məktəbin pedaqoji kollektivi Quba rayonuna istirahət-gəzinti səfərində iştirak edib.
Səfər çərçivəsində iştirakçılar Qubanın füsunkar təbiəti və tarixi-görməli məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli keçirərək xoş təəssüratlar qazanıblar. Belə tədbirlər təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, kollektivdə həmrəyliyin möhkəmləndirilməsinə və iş motivasiyasının artırılmasına xidmət edir.


